Hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsi ilə söhbətdə son vaxtlar türk fəallara qarşı çıxarılan həbs və şallaq hökmləri, habelə BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisinin illik hesabatı haqqında danışıb.
Bu yaxınlarda Ərdəbil şəhərində ۱۲ vətəndaşın həbs və şallaq cəzasına məhkum edilməsi İran Azərbaycanında mədəni fəallar arasında geniş təpki yaradıb. Bu vətəndaşlar keçən ilin sentyabr ayında Azərbaycan Respublikasına dəstək mitinqləri ilə əlaqədar mühakimə ediliblər.
Jalə Təbrizlinin rəhbərlik etdiyi Azərbaycan İnsan Haqları Cəmiyyətinə (Ərk) bir müddət əvvəl BMT-nın İqtisadi və Sosial Şurası (ECOSOC) yanında məsləhətçi statusu verilib.
Jalə Təbrizli xüsusilə şallaq hökmünün milli fəallar arasında qorxu salmaq məqsədilə çıxarıldığı önə çəkir:
“Eyni zamanda ki, İslam Cümhuriyyəti öz [hərbi] qüvvələrini orada sərhədə topladı, o tərəfdən də bunların mühakimələri başladı. Bu mühakimələrin hamısı qorxu yaratmaq üçündür. Şallaq hökmü ilə bizi təhqir edirlər, yəni bir milləti təhqir edirlər.”
Son aylarda İran Azərbaycanında təşkil olunan etiraz aksiyaları ilə əlaqədar nəzarət altına alınan bəzi fəallar həm İnqilab, həm də cəza məhkəmələrində mühakimə edilirlər. Təbrizli deyir ki, “əvvəla bunu deyim, İnqilab Məhkəməsi inqilabın əvvəlində idi, daha gərək götürülmüş olaydı. Amma, indi 43 ildir bunlar davam edir və əslində qanunsuz məhkəmələrdir. Fəalları indi iki məhkəmədə mühakimə edirlər ki, birində hökm almasalar, o birində mütləq məhkum olsunlar.”
Bu mühakimələrin hamısı qorxu yaratmaq üçündür. Şallaq hökmü ilə bizi təhqir edirlər, yəni bir milləti təhqir edirlər.
Jalə Təbrizli
“Cavid Rəhmanın yeni hesabatı edamlar haqqında idi ki, İslam Cümhuriyyəti bugün yenə başlayıb insanları edam etməyə, uşaqları edam etməyə, həbsxanalarda insanları yox etməyə ki, bu dəfə Cavid Rəhman bunları aşkar şəkildə deyib,” hüquq müdafiəçisi söyləyir.
Jalə Təbrizlinin rəhbərlik etdiyi Azərbaycan İnsan Haqları Cəmiyyətinə (Ərk) bir müddət əvvəl BMT-nın İqtisadi və Sosial Şurası (ECOSOC) yanında məsləhətçi statusu verilib.
Təbrizli bu status vasitəsilə İran Azərbaycanında insan haqları pozuntularını daha çox səsləndirəcəklərini söyləyir.
“Biz bu statusu almaq üçün çox mübarizə apardıq. Təkidimiz bu idi ki, bizim məsələlərimizin çoxu İranın insan haqları qismində gündəmə gəlmir. Azərbaycanın məsələlərini gündəmdə saxlamaq üçün, yəni dil məsələsi, çevrə məsələsi, uşaqlar, qadınlar, işçilər, işsizlərin məsələsi, Urmiyə Gölünün quruması, məzhəb məsələsi ki, Azərbaycanda müxtəlif məzhəblər yaşayır və bunların çoxu basqı altındır; yəni o qədər problemimiz var ki bizim gərək öz QHT-miz olaydı, öz statusumuz olaydı ki, öz haqlarımızı müdafiə edə bilək.”